DÜNYA
Yaponiya parlamentinin aşağı palatası kazinoların leqallaşması barədə qanunu bəyənib
Tokio, 6 dekabr, AZƏRTAC
Yaponiya parlamentinin aşağı palatası ölkə ərazisində kazinoların fəaliyyətinin leqallaşması barədə qanun layihəsini bəyənib. Qanun layihəsinin məqsədi ticarət mərkəzlərini, beynəlxalq konfransların keçirildiyi məkanları və kazinoları özündə birləşdirəcək kurort şəbəkəsinin inkişaf etdirilməsidir.
Layihə hakim Liberal Demokratik Partiyasının (LDP) və müxalifətdə olan Dirçəliş Partiyasının əksər üzvləri tərəfindən dəstəklənib. LDP-nin koalisiya tərəfdaşı Komey Partiyasının üzvlərinin mövqeyi isə səsvermə zamanı haçalanıb. Bir çox müxalifət partiyalarının üzvləri səsvermədə iştirakdan boyun qaçıraraq zalı tərk ediblər. Onlar bildiriblər ki, LDP tərəfindən təşkil edilən səsvermə zamanı qaydalar pozulub.
Qanun layihəsi parlamentin yuxarı palatasına göndərilib. LDP onun gələn həftənin çərşənbə günü təsdiq ediləcəyinə ümid bəsləyir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio