DÜNYA
Yaponiya parlamentinin yuxarı palatasına seçkilərdə hakim koalisiya qalib gəlib
Tokio, 11 iyul, AZƏRTAC
Yaponiyada ötən bazar günü parlamentin yuxarı palatasına keçirilən seçkilərdə hakim koalisiya böyük əksəriyyət qazanıb.
Bu seçkilərdə Baş nazir Şinzo Abenin “abenomika” adlanan iqtisadi siyasəti diqqət mərkəzində olub.
Səslərin sayının hesablanması başa çatdıqdan sonra Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiya və onun koalisiya tərəfdaşı Komey Partiyası birlikdə 70 yer qazanıb ki, bu da yerlərin əksəriyyətini təşkil edir.
Son seçkilərdə əsas suallardan biri konstitusiyaya dəyişikliklər təklif edən hakim qüvvələrin yuxarı palatada yerlərin üçdə ikisini qazana bilməsi idi. Hakim koalisiya və onun konstitusiyada dəyişiklikləri müdafiə edən tərəfdaşları yuxarı palatada yerlərin üçdə ikisini əldə edib.
Nəticədə konstitusiyada dəyişiklikləri dəstəkləyən qüvvələr, o cümlədən Liberal Demokratik Partiya artıq referendum keçirilməsi ilə bağlı fəaliyyətə başlaya bilərlər. Baş nazir Şinzo Abe bildirib ki, konstitusiyaya dəyişikliklərin müzakirəsi parlamentdən başlayacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio