DÜNYA
Yaponiya qaçqınlara yardım üçün 2 milyard 800 milyon dollar ayıracaq
Tokio, 20 sentyabr, AZƏRTAC.
Yaponiyanın Baş naziri Şinzo Abe qarşıdakı üç ildə qaçqınlara, miqrantlara və onları qəbul edən ölkələrə yardım üçün 2 milyard 800 milyon dollar ayrılacağını deyib.
Ş.Abe bu barədə sentyabrın 19-da Nyu-Yorkda, BMT-nin qaçqınlar və miqrantlar üzrə sammitində çıxışı zamanı bildirib.
Baş nazir qeyd edib ki, dünya hazırda qaçqınların və miqrantların görünməmiş sayda hərəkəti ilə bağlı ciddi humanitar problemlə qarşılaşıb. O, yaranmış vəziyyəti aradan qaldırmaq üçün məsələyə aidiyyəti olan bütün ölkələri və institutları sıx əməkdaşlığa çağırıb.
Ş.Abe bildirib ki, Yaponiya iki istiqamətdə kömək göstərir – fövqəladə humanitar yardım və qaçqınlara və onları qəbul edən ölkələrə uzunmüddətli dəstək.
Baş nazir ümid etdiyini bildirib ki, bu cür yanaşma qaçqınların təhlükəsizliyini təmin etməyə və onları qəbul edən ölkələrdə sülh şəraitində yaşamağa kömək edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio