DÜNYA
Yaponiya robot avtomobillərdən ibarət nəqliyyat şəbəkəsi yaradır
Tokio, 4 avqust, AZƏRTAC
Yaponiya hökuməti avtomat idarəetmə sisteminə malik nəqliyyatın sınaqları proqramının həyata keçirilməsinə başlamağı planlaşdırır. Həmin sistem əhali sıxlığı az olan yaşayış məntəqələrində yaşlı sakinlərin hərəkətini asanlaşdırmaq məqsədi daşıyacaq.
Milli Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi istirahət mərkəzlərinə yaxın olan zonalar da daxil olmaqla belə nəqliyyat şəbəkəsini 13 yerdə yaratmaq niyyətindədir.
Bazarlıq etmək və ya görməli yerlərə baxmaq istəyən istifadəçilər belə nəqliyyat vasitəsini smartfon vasitəsilə sifariş edə bilərlər. Bundan əlavə, həmin nəqliyyat vasitəsindən göndərişləri çatdırmaq üçün də istifadə etmək olar.
Sınaqların cari yayın sonlarında başlanması planlaşdırılır. Nazirlik bu sistemi yaxın 3 ildə əməli istifadəyə verməyi nəzərdə tutur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio