DÜNYA
Yaponiya uşaqların sayına görə 66 illik minimuma enib
Bakı, 5 may, AZƏRTAC
Yaponiyada 15 yaşdan aşağı uşaqların sayı son bir il ərzində 150 minədək azalaraq 16 milyona enib. Bu, 1950-ci ildən bəri ən aşağı göstəricidir.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, 1982-ci ildən etibarən Yaponiyanın uşaq əhalisinin sayı durmadan azalır. Hazırda 15 yaşdan aşağı uşaqların sayı əhalinin 12,6 faizini təşkil edir. Oğlan uşaqlarının sayı 8,22 milyon, qız uşaqlarının sayı isə 7,8 milyon nəfərdir.
Əhalinin payında gənclərin sayının azalması və yaşlı nəslin çoxalmasının səbəb olduğu “Cəmiyyətin qocalması” təzahürü artıq özünü uşaq statistikasında da göstərir. Belə ki, uşaqların yaşı azaldıqca, onların sayı da azalır.
Hazırda Yaponiyada orta həyat uzunluğu qadınlarda 86,8, kişilərdə isə 80,5 ildir. Ölkənin Səhiyyə Nazirliyinin bir qədər əvvəl dərc edilən məruzəsinə əsasən, əgər cəmiyyətin qocalması bu templərlə davam etsə, 2060-cı ilə qədər ölkə əhalisinin təxminən 40 faizinin yaşı 65-dən yuxarı olacaq. Həmçinin 45 il ərzində əhalinin sayı 127 milyon nəfərdən 86,7 milyon nəfərə qədər azalacaq. 100 milyonluq psixoloji hədd isə artıq 2040-cı ilin sonlarında keçiləcək.