DÜNYA
Yaponiya və ABŞ KXDR-in raket sınaqlarına qarşı yeni tədbirlər barədə razılığa gəliblər
Tokio, 31 iyul, AZƏRTAC
Yaponiya və ABŞ Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən davam edən raket sınaqları ilə əlaqədar təhlükəsizlik sahəsində əlavə tədbirlər barədə razılığa gəliblər. Bu barədə Yaponiyanın Baş naziri Şinzo Abe jurnalistlərə iyulun 31-də ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra məlumat verib.
NHK telekanalının yaydığı məlumata görə Ş.Abe deyib: ”Biz Prezident D.Trampla əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu barədə tam razılığa gəldik”.
Baş nazir əlavə edib ki, Şimali Koreya tərəfindən artan təhlükə ilə əlaqədar Yaponiya və ABŞ sıx əməkdaşlıq şəraitində müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün konkret tədbirlər görəcəklər.
Ş.Abenin sözlərinə görə, Yaponiya ABŞ-ın müttəfiqlərini müdafiə edəcəyi barədə vədinin D.Tramp tərəfindən təsdiq edilməsini yüksək qiymətləndirir.
Xatırladaq ki, Baş nazir həmçinin beynəlxalq ictimaiyyəti, ilk növbədə Çin və Rusiyanı baş verənləri tam ciddiliyi ilə qəbul etməyə və KXDR-ə qarşı təzyiqləri gücləndirməyə çağırmışdı.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio