DÜNYA
Yaponiya və ABŞ liderləri Şimali Koreya ilə əlaqədar daha ciddi qətnamənin qəbuluna çalışacaqlar
Tokio, 10 sentyabr, AZƏRTAC.
Yaponiya və ABŞ liderləri Cənubi Koreya ilə birlikdə Şimali Koreyaya qarşı BMT Təhlükəsizlik Şurasının daha ciddi qətnaməsinin tezliklə qəbul olunmasına çalışacaqlar. NHK televiziya kanalının yaydığı məlumata görə, bu barədə iki ölkənin liderləri razılığa gəliblər.
Şimali Koreyanın nüvə sınağı ilə bağlı sentyabrın 9-da yapon tərəfinin xahişi ilə Baş nazir Şinzo Abe və ABŞ Prezidenti Barak Obama arasında telefon danışığı olub. Ş.Abe bildirib ki, Şimali Koreya bu dəfə nüvə sınağını əvvəl olduğundan daha tez keçirib. Vurğulayıb ki, Yaponiya bu addımı həm regionda, həm də bütün dünyada sülhə və təhlükəsizliyə qarşı təhdid kimi qiymətləndirərək, onu tamamilə qəbuledilməz hesab edir.
Baş nazir, həmçinin qeyd edib ki, BMT Təhlükəsizlik Şurası bununla əlaqədar təcili fövqəladə sessiya çağırmalı və ciddi cavab tədbirləri görməlidir.
Ş.Abe ilə tamamilə razılaşdığını bildirən B.Obama iki ölkənin Cənubi Koreya ilə birlikdə həm Təhlükəsizlik Şurasında, həm də digər beynəlxalq meydanlarda birgə fəaliyyətinin zəruriliyini vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, Yaponiya-ABŞ alyansı kifayət qədər möhkəmdir və ABŞ Yaponiyanın təhlükəsizliyi ilə bağlı öz öhdəliklərinə sadiqdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio