DÜNYA


Yaponiya və ABŞ liderlərinin ilk rəsmi görüşü regiona nələr vəd edir?

Tokio, 11 fevral, AZƏRTAC

Yaponiya və ABŞ liderlərinin Vaşinqtonda keçirilən ilk rəsmi görüşü iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olmaqla yanaşı, həm də Asiya-Sakit okean regionunda baş verən proseslərə təsiri baxımından da diqqəti cəlb edir. Dünyanın aparıcı iqtisadiyyatlarına və sıx iqtisadi-ticari əlaqələrə malik olan bu ölkələrin liderlərinin görüşü bütün dünya tərəfindən maraqla gözlənilməklə yanaşı, həm də diqqətlə izlənilir. Bunu görüş ərəfəsində baş verən yalnız siyasi deyil, eyni zamanda, iqtisadi proseslər də təsdiq edir. Belə ki, səfər ərəfəsində dünya bazarlarında dolların məzənnəsinin bütün valyutalara münasibətdə möhkəmlənməsi dediklərimizi birbaşa təsdiq edir.

ABŞ-ın yeni Prezidentinin fəaliyyətə başlaması ilə bağlı bu ölkənin regiona münasibətdə siyasətində bir sıra dəyişikliklər baş versə də, Yaponiyanın Baş nazirinin Vaşinqtona səfəri zamanı səslənən fikirlər ümumi yanaşmanın dəyişməz qaldığını deməyə əsas verir. Belə ki, ABŞ-ın yeni dövlət başçısının yalnız region ölkələri üçün deyil, eyni zamanda, bu razılaşmada maraqlı olan digər ölkələr üçün də xüsusi əhəmiyyətə malik olan azad ticarət barədə Trans-Sakit Okean Tərəfdaşlığından çıxması, Çinə münasibətdə tamamilə yeni yanaşmanın tətbiq ediləcəyini bəyan etməsi həm Yaponiyada, həm də ətraf ölkələrdə müəyyən narahatlıq və çaşqınlıq yaratmışdı. Xüsusən Çinin dənizdə təhlükəsizliyə təhdidlə bağlı atdığı addımlar fonunda bu tamamilə başa düşülən idi. Doğrudur, ABŞ-ın yeni müdafiə naziri Ceyms Mettisin Cənubi Koreyaya və Yaponiyaya bu yaxınlarda baş tutan səfərləri zamanı səsləndirdiyi bəyanatlar, yeni dövlət katibi Reks Tillersonun xarici işlər naziri Fumio Kişida ilə telefon danışığı zamanı dediyi fikirlər yapon siyasi dairələrində müəyyən rahatlıq yaratsa da, Baş nazir həmin mövqeni məhz D.Trampın səsləndirməsini istəyirdi.

Vaşinqtonda keçirilən rəsmi danışıqlardan sonra ABŞ Prezidentinin və Yaponiyanın Baş nazirinin birgə bəyanatında regional problemlərə münasibətdə nümayiş etdirilən mövqe, demək olar ki, yalnız Yaponiya rəhbərliyinin deyil, eyni zamanda, bir çox region ölkələrinin narahatlıqlarına son qoydu. Bu bəyanatda yalnız iki ölkə arasında deyil, ümumilikdə, regionda həm təhlükəsizlik, həm də iqtisadi tərəfdaşlıqla bağlı məqamlar tam aydınlığı ilə ortaya qoyuldu.

Bəyanatda Yaponiya-ABŞ ittifaqı Asiya-Sakit okean regionunda azadlıq və inkişafın əsas aparıcı amili kimi qiymətləndirilib. Burada xüsusən ABŞ-ın Yaponiyanı həm bütün nüvə silahlarından, həm də silahlı qüvvələrin adi imkanlarından istifadə edərək müdafiə etməyə hazır olduğu öz əksini tapıb. Qeyd olunub ki, Yaponiyanın iki ölkə arasında ittifaq çərçivəsində öz rolunu və öhdəliklərini yerinə yetirməyə hazır olduğu bir anda, ABŞ da Asiya-Sakit okean regionunda iştirakını artırmağa tam hazırdır. Bəyanatda vurğulanıb ki, ABŞ Prezidenti müdafiə və xarici işlər nazirlərinə bu ittifaqın daha da möhkəmlənməsi üçün yolların araşdırılması məqsədilə danışıqları sürətləndirməyi tapşırıb. Bildirilib ki, hər iki ölkənin liderləri təhlükəsizlik barədə ikitərəfli müqavilənin 5-ci bəndinin Yaponiyanın Şərqi Çin dənizindəki Senkaku adalarını da əhatə etdiyini vurğulamaqla yanaşı, Tokionun bu adalar üzərində idarəçiliyinə qarşı yönələn istənilən birtərəfli hərəkətlərə qarşı çıxış edirlər. Çinin və Tayvanın bu adalara iddia etmələrinə baxmayaraq, həmin ərazilər Yaponiyanın ayrılmaz tərkib hissəsidir. Liderlər beynəlxalq hüquqa əsaslanan dəniz qaydalarının saxlanmasının vacibliyini vurğulamaqla yanaşı, hədə-qorxu, məcburetmə və güc yolu ilə müxtəlif tələblərin irəli sürülməsinə qarşıdırlar. Bəyanatda Çinin adı çəkilməsə də, qonşu ölkələr açıq formada hərbi obyektlərin inşası yolu ilə Cənub Çin dənizində gərginliyin artırılmasından çəkinməyə çağırılırlar.

ABŞ Prezidenti təsdiq edib ki, hər iki ölkə ABŞ dəniz piyadalarının Okinavadakı Futemma aerodromunun yerinin dəyişdirilməsi barədə razılaşmaya sadiqdirlər. Həmin baza hazırda əhalinin sıx yaşadığı ərazidə yerləşir. Danışıqlar zamanı hər iki lider təsdiq edib ki, gələcəkdə bu obyektin istifadəsinin davam etdirilməsi üçün onun yerinin dəyişdirilməsi məqsədəuyğundur. Şimali Koreyaya ünvanlanan çağırışlarında liderlər bu ölkəyə nüvə silahı və ballistik raketlər proqramlarından imtina etməyi və təxribatçı hərəkətlərə son qoymağı tövsiyə ediblər. Bundan əlavə, bəyanatda Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşları ilə bağlı məsələnin də tezliklə yoluna qoyulmasının əhəmiyyəti vurğulanıb.

İki ölkə liderlərinin birgə bəyanatında iqtisadi əməkdaşlıq məsələləri də əksini tapıb. Burada qeyd olunub ki, tərəflər azad və ədalətli ticarətin qaydalarına əsaslanan ikitərəfli və regional iqtisadi əlaqələrin möhkəmlənməsinə sadiq qalacaqlar. Bu əlaqələr özündə yüksək səviyyəli ticari və investisiya standartlarını əks etdirməklə yanaşı, Asiya-Sakit okean regionunun iqtisadi imkanlarının genişlənməsinə və yeni iş yerlərinin açılmasına xidmət edəcək. ABŞ Prezidentinin Trans-Sakit okean Tərəfdaşlığı razılaşmasından çıxmaq barədə qərarına hörmətlə yanaşaraq, gələcəkdə irəli sürüləcək və qarşılıqlı faydaya əsaslanacaq regional təşəbbüslərin iki ölkə tərəfindən dəstəklənəcəyi barədə fikir də bəyanatda əksini tapıb. Bununla yanaşı, müxtəlif sahələrdə tərəflərə qarşılıqlı fayda gətirəcək iqtisadi dialoqun iki ölkə arasında davam etdirilməsi barədə qərarın qəbul olunduğu da bildirilir. Bu məqsədlə iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün Baş nazirin müavini Taro Aso ilə vitse-prezident Mayk Pens arasında müzakirələrin aparılması qərara alınıb.

Göründüyü kimi, ABŞ-ın yeni Prezidentinin Asiya-Sakit okean regionu və bu regionda yerləşən ölkələrlə bağlı səsləndirdiyi müxtəlif tənqidi fikirlərə baxmayaraq, ümumi siyasi parametrlər dəyişməz olaraq qalır. Yəni, ABŞ bu regionda maraqlarını və buna uyğun olaraq siyasətini dəyişmək niyyətində deyil. Bu isə deməyə əsas verir ki, Yaponiya regionda ABŞ-ın əsas tərəfdaşı olaraq qalır və ABŞ bu tərəfdaşı ilə əlaqələri daha da möhkəmləndirmək planlarını gələcəkdə də davam etdirəcək. Bunu səfər dövründə Şinzo Abenin Donald Trampı Yaponiyaya ilk rəsmi səfərə dəvət etməsi və həmin dəvətin məmnuniyyətlə qəbul olunması da təsdiq edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.