DÜNYA
Yaponiya və Aİ azad ticarət barədə razılaşma üzrə çərçivə sazişinə hazırdırlar
Tokio, 5 iyul, AZƏRTAC
NHK telekanalının yaydığı məlumata görə, Yaponiya və Avropa İttifaqı (Aİ) bütün mübahisə doğuran məslələr aydınlaşdıqdan sonra azad ticarət barədə razılaşma üzrə çərçivə sazişinə hazırdırlar.
Hər iki tərəf mövqeləri, əsasən, pendir və avtomobil məhsulları üzrə yaxınlaşdırmağa çalışırlar.
Telekanal etibarlı mənbələrə istinadla bildirib ki, azad ticarət barədə razılaşma qüvvəyə mindikdən sonra Aİ yapon avtomobillərinə tətbiq edilən 10 faiz tarifi yeddi il müddətinə, həmçinin təqribən 90 faiz avtomobil hissələri üçün ixrac rüsumlarını tamamilə ləğv etməyə razıdır.
Bundan əlavə, Aİ televizorlar istisna olmaqla, elektrik-məişət məhsullarına tarifləri də ləğv etməyə hazırdır. Televizorlara tariflər daha beş il tətbiq olunacaq.
Yaponiya tərəfi isə Avropanın yumşaq pendirlərinə kvotalar yaratmağa və 15 il ərzində onlara tətbiq olunan tarifləri ləğv etməyə razılıq verib.
Eyni zamanda, şokolad, makaron məhsulları və digər ərzaq məhsullarına tətbiq edilən rüsumlar da 10 ildən sonra ləğv ediləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio