DÜNYA


Yaponiya və Aİ iqtisadi əməkdaşlıq barədə razılığa gəlib

Tokio, 6 iyul, AZƏRTAC

Yaponiya və Avropa İttifaqı (Aİ) iqtisadi əməkdaşlıq barədə, nəhayət ki, ətraflı razılığa gəlib. Bu razılaşma dünya üzrə ümumi daxili məhsulun təqribən 30 faizini əhatə edəcək.

İyulun 6-da Brüsseldə Yaponiyanın xarici işlər naziri Fumio Kişida ilə Aİ-nin ticarət üzrə komissarı Sesiliya Malmstryom arasında görüş keçirilib. Görüşdən sonra F.Kişida deyib ki, danışıqlar zamanı tərəflər arasında əsas məsələlər üzrə fikir ayrılığını aradan qaldırmaq mümkün olub və iqtisadi əməkdaşlıq barədə razılaşma çərçivəsində geniş anlaşma əldə olunub. Bu razılaşma iki inkişaf etmiş iqtisadiyyat arasında ilk pakt olacaq.

Yaponiyanın Baş naziri Şinzo Abe, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, həmçinin Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker sözügedən razılaşmanı təsdiqləyiblər.

NHK telekanalının bildirdiyinə görə, tərəflər arasında razılaşmaya əsasən, Aİ Yaponiyanın sərnişin avtomobillərinə gömrük rüsumlarını yeddi il ərzində ləğv edəcək. Yaponiya isə Avropadan idxal edilən yumşaq pendirə kvota tətbiq edəcək və bu məhsula rüsumları 15 il ərzində aradan qaldıracaq.

Hər iki tərəf iqtisadi əməkdaşlıq barədə razılaşma qüvvəyə mindikdən sonra şərabın idxalına rüsumlardan imtina edəcək. Bundan əlavə, Aİ yapon sakesinə və yaşıl çaya rüsumları aradan qaldıracaq, həmçinin dəniz darağı üzərindəki rüsumu müntəzəm şəkildə ləğv edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.