DÜNYA
Yaponiya və Çin arasında dəniz mövzusunda ikitərəfli müzakirələr başa çatıb
Tokio, 16 sentyabr, AZƏRTAC
Yaponiyanın və Çinin rəsmi nümayəndələri arasında dəniz mövzusunda iki gün davam edən müzakirələr sentyabrın 15-də Hiroşimada başa çatıb.
Həmin gün tərəflər bir gün əvvəl başlamış müzakirələri davam etdirərək dənizdə və havada gözlənilməz qarşıdurmanı aradan qaldırmaq üçün əlaqə mexanizminin yaradılması barədə danışıqlar aparıblar.
NHK televiziya kanalının Yaponiya hökumətindəki mənbələrə istinadla yaydığı məlumata görə, tərəflər müxtəlif problemlər ətrafında, o cümlədən həmin mexanizmin tətbiqinin vaxtı barədə müzakirələr aparıblar.
Həmin mənbələrin bildirdiyinə görə, tərəflər Şərqi Çin dənizindəki təbii qaz yataqlarından hasilatla bağlı razılaşmada irəliləyişə nail ola bilməyiblər. Yaponiya nümayəndə heyəti Çin tərəfini dənizdə qaz yataqlarının birgə mənimsənilməsi barədə razılıq əldə olunması üçün müzakirələri bərpa etməyə çağırıb. Həmin danışıqlar Çin tərəfinin dənizdə birtərəfli qaydada apardığı layihələrlə bağlı dayanıb.
Çin tərəfi, ümumiyyətlə, birgə fəaliyyətlə bağlı razılaşmanın əleyhinə çıxış edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio