DÜNYA
Yaponiya və Fransa atom sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər
Tokio, 21 mart, AZƏRTAC.
Yaponiyanın Baş naziri Şinzo Abe və Fransa Prezidenti Fransua Olland iki ölkə arasında atom sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
NHK telekanalının yaydığı məlumata əsasən, Fransa Şinzo Abenin Avropaya səfəri çərçivəsində ziyarət etdiyi ikinci ölkədir. İki ölkə arasında əməkdaşlıq barədə rəsmi razılaşmanı Yaponiyanın iqtisadiyyat naziri Hiroşiqe Seko və Fransanın ekologiya, dayanıqlı inkişaf və energetika naziri Seqolen Ruayal imzalayıblar.
Ş.Abe və F.Olland Hind okeanından Sakit okeanadək olan sularda qanun-qaydanın gözlənməsi üçün də sıx əməkdaşlıq barədə razılığa gəliblər. Əlavə olaraq bildirilir ki, Çinin dənizdə fəallaşması ilə əlaqədar birgə təlimlərin keçirilməsi barədə razılıq əldə edilib.
Bununla yanaşı, Ş.Abe gələn il Fransada yapon mədəniyyətini təbliğ etmək məqsədilə təşkil olunacaq “Japonizm-2018” adlı tədbirlər silsiləsinə də toxunub. O, ümid etdiyini bildirib ki, bu tədbirlər iki xalq arasında uzunmüddətli perspektivə hesablanan əlaqələrin inkişafına daha çox yardım edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio