DÜNYA
Yaponiya və Fransa nazirlərinin “2+2” formatında görüşündə qarşılıqlı əməkdaşlıq barədə razılıq əldə edilib
Tokio, 7 yanvar, AZƏRTAC
Yaponiya və Fransanın xarici işlər və müdafiə nazirlərinin “2+2” formatında keçirilən görüşündə müdafiə sahəsində qarşılıqlı əməkdaşlıqla əlaqədar danışıqların başlanması barədə razılıq əldə edilib.
NHK televiziya kanalının yaydığı məlumata görə, Yaponiyanın xarici işlər naziri Fumio Kişida və müdafiə naziri xanım Tomomi İnada yanvarın 6-da Parisdə fransalı həmkarları Jan Mark Eyro və Jan-İv Le Draian ilə görüşüblər.
Tərəflər arasında əldə edilən razılaşmaya əsasən, Yaponiya özünümüdafiə qüvvələri və Fransanın silahlı qüvvələri təbii fəlakətlər və birgə təlimlər zamanı su, yanacaq və digər vasitələrlə bir-birini təmin edəcək.
Çinin dənizdə artan fəallığını nəzərə alaraq, nazirlər birtərəfli qaydada status-kvonun dəyişdirilməsinə, bazaların tikintisi də daxil olmaqla regionda gərginliyin artırılmasına yönələn addımların qarşısını almaq barədə də razılığa gəliblər.
Nazirlər, həmçinin bəyan ediblər ki, onların ölkələri bundan sonra da beynəlxalq hüquqa əməl edilməsinə çalışacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio