DÜNYA
Yaponiya və Qazaxıstan nüvə tərksilahı sahəsində əməkdaşlıq barədə razılığa gəliblər
Tokio, 8 noyabr, AZƏRTAC
Yaponiya və Qazaxıstan liderləri nüvə tərksilahı və nüvə silahının yayılmaması sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.
NHK televiziya kanalının yaydığı məlumata görə, bu barədə razılaşma Yaponiyanın Baş naziri Şinzo Abe ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin noyabrın 7-də Tokioda keçirilən görüşü zamanı əldə edilib.
Görüşdə Ş.Abe BMT səviyyəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb, nüvə tərksilahı və bu silahın yayılmaması sahəsində birgə fəaliyyəti yüksək qiymətləndirib.
Liderlərin birgə bəyanatında qeyd edilib ki, Yaponiya və Qazaxıstan digər dövlətləri Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqaviləyə qoşulmağa çağırır.
Yaponiya və Qazaxıstan liderləri, həmçinin yapon şirkətlərinin investisiyalarının Qazaxıstan iqtisadiyyatına yönəldilməsi barədə də razılıq əldə ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio