DÜNYA
Yaponiya və Rusiya mübahisəli adalarda birgə fəaliyyət layihələrini araşdırır
Tokio, 1 iyun, AZƏRTAC
Yaponiya və Rusiyanın nümayəndələri təsdiq ediblər ki, bu iki ölkə Rusiyanın nəzarəti altında olan adalarda birgə təsərrüfat fəaliyyəti ilə bağlı layihələri birlikdə araşdıracaqlar.
Həmin adalarda iqtisadi fəaliyyəti stimullaşdıracaq layihələrin iyunun sonlarında müzakirə ediləcəyi gözlənilir.
NHK telekanalının yaydığı məlumata görə, mayın 31-də Eyiçi Haseqavanın rəhbərlik etdiyi yapon nümayəndə heyəti Cənubi-Saxalinskdə Rusiya hökumətinin nümayəndələri ilə görüşüb. E.Haseqava Baş nazir Şinzo Abenin xüsusi müşaviridir. Görüşdə hökumətin və özəl sektorun nümayəndələri iştirak ediblər.
Rusiya tərəfini görüşdə Saxalinsk vilayətinin qubernatoru Oleq Kojemyako və hökumət nümayəndələri təmsil ediblər.
Nümayəndə heyətinin üzvlərinin əldə etdiyi razılığa əsasən birgə fəaliyyət bu adalara yaxın və hər iki ölkəyə məxsus digər ərazilərdə də aparılmalıdır. Görüşdə balıqçılıq təsərrüfatı, turizm və hər iki tərəfin maraqlı olduğu digər sahələrlə bağlı layihələrin öyrənilməsi barədə qərar qəbul edilib.
Rusiya Yaponiyanın iddia etdiyi dörd adaya nəzarət edir. Yaponiya hökumətinin qənaətinə görə həmin adalar İkinci Dünya müharibəsi nəticəsində işğal edilib və bu Gündoğar ölkənin ayrılmaz tərkib hissəsidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio