DÜNYA
Yaponiya yanvarın sonundan başlayaraq F-35 qırıcılarını Hönşü adasının şimalına yerləşdirəcək
Tokio, 20 yanvar, AZƏRTAC
Yaponiya hərbi hava qüvvələri yanvarın sonundan başlayaraq beşinci nəslə məxsus F-35 çoxməqsədli hərbi təyyarələrini Hönşü adasının şimalına, Aomori prefekturasındakı Mişava bazasına yerləşdirəcək.
NHK telekanalının məlumatına görə, 2018-ci maliyyə ili ərzində Aomori prefekturasına 10 belə təyyarə yerləşdiriləcək. Onların hər biri Yaponiya hökumətinə 15 milyard yenə (təqribən 135 milyon dollar) başa gələcək. Yaponiya Müdafiə Nazirliyi ABŞ-ın “Lockheed Martin Aeronautics” şirkətinin bir sıra NATO ölkələri ilə birlikdə “stels” texnologiyası ilə hazırladığı 42 belə təyyarə almağı planlaşdırır.
Eyni zamanda, həmin təyyarələrin Norveçin “Joint Strike Missile” şirkəti tərəfindən istehsal edilən və 500 kilometr məsafəni qət edən qanadlı raketlərlə təchiz olunması nəzərdə tutulur.
Yaponiya regionda yaranan təhlükəli vəziyyətlə əlaqədar son illər müdafiə büdcəsini dayanmadan artırır ki, bu da bir sıra ölkələrdə, o cümlədən Çində narahatlıq doğurur. Belə ki, 2018-ci maliyyə ili üçün təqdim edilən dövlət büdcəsi layihəsində Yaponiya müdafiə xərclərini 1,5 faiz artıraraq 5,19 trilyon yenə (təqribən 45,7 milyard dollara) çatdırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio