DÜNYA
Yaponiyada 1964-cü ildə keçirilmiş Paralimpiadanın ilk dəfə rəngli kinolenti aşkar edilib
Tokio, 8 sentyabr, AZƏRTAC.
1964-cü ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarının ilk dəfə rəngli kinolenti aşkar olunub. Yaponiya Paralimpiya Assosiasiyasından bildiriblər ki, bu, həmin tədbirdən yeganə rəngli kinolentdir.
Həmin çəkilişi hazırda 80 yaşı olan Hideo Funatsu aparıb. Kinolenti isə NHK televiziya kanalının yayım arxivinin yaradılması məqsədilə həyata keçirilən layihə çərçivəsində təqdim edib.
Xatırladaq ki, Tokioda Paralimpiya Oyunları Yay Olimpiya Oyunlarından sonra 1964-cü ilin noyabrında keçirilmişdi. Həmin yarışlarda 21 ölkədən 378 idmançı iştirak etmişdi.
Səkkiz millimetrlik rəngli lentdə aparılan çəkiliş cəmi 8 dəqiqə 20 saniyə davam edir. Lentdə idmançıların əllərində tutduqları rəngli bayraqlarla tədbirin açılış mərasimində iştirakı, idmanın bəzi növləri üzrə yarışlardan məqamlar əksini tapıb. Burada əsasən, arabada qaçış, nizə atıcılığı, basketbol üzrə çəkilişlər var.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio