DÜNYA
Yaponiyada 50 mindən çox sərnişin sürətli qatarların hərəkətindəki fasiləyə görə yollarda qalıb
Tokio, 22 iyun, AZƏRTAC
Yaponiyada 51 minədək sərnişin elektrik xətlərində baş verən nasazlığa görə sürətli “Şinkansen” qatarlarının hərəkətində yaranmış fasilə səbəbindən Tokio ilə Fukuoka arasındakı yollarda qalıb. Bu barədə iyunun 22-də həmin yolun bir hissəsinə nəzarət edən “Central Japan Railway Company” şirkəti məlumat yayıb. Şirkətin nümayəndəsi Yasuyuki Hamaşaki sərnişinlərdən üzr istəyib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, elektrik şəbəkəsində nasazlıq iyunun 21-də axşam Takatsuki şəhərində baş verib və nəticədə Tokiodan Fukuokanın Hakata stansiyasınadək qatarların hərəkəti pozulub. Təmir işlərinin aparılmasına 5 saat vaxt sərf olunub. Saat 15:00-dan 18:00-dək təqribən 60 qatar yollarda qalıb.
Hazırda “Central Japan Railway Company” şirkətinin əməkdaşları Yaponiyanın ən böyük hərəkət xəttində yaranan nasazlığın səbəblərini araşdırırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio