İQTİSADİYYAT


Yaponiyada Azərbaycanla bağlı növbəti biznes seminar keçirilib

Tokio, 4 avqust, AZƏRTAC 

“Cross Border Club” şirkətinin təşkilatçılığı ilə Yaponiyanın Fukuoka şəhərində yerli iş adamları üçün Azərbaycanla bağlı növbəti biznes seminar keçirilib.

Şirkətin prezidenti, Bakıda keçiriləcək Yaponiya qida məhsulları sərgisinin təşkili üzrə işçi qrupun sədri Kazuyasu İşida seminar iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, biznes mühiti ilə bağlı ətraflı məlumat verib. Zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf etdiyi, eyni zamanda, ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqətlə yanaşdığı, iqtisadiyyatın şaxələndirilməsi üçün çoxsaylı layihələrin həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, son illər yapon iş adamlarının da Azərbaycana marağı artıb. Yaponiyanın iri şirkətləri ilə yanaşı, kiçik və orta sahibkarlar da Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri qurmağa çalışırlar.

Seminarda 2014-cü ilin noyabrında Bakıda ilk dəfə Yaponiya məhsullarının sərgisinin təşkil edildiyi və bu tədbirin böyük maraqla qarşılandığı barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda ilk sərginin böyük uğuru yapon iş adamlarını növbəti sərginin təşkilinə ruhlandırıb. Cari il oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində Yaponiya qida məhsullarının sərgisinin təşkili qərara alınıb.

Tədbirdə Azərbaycanın uğurları ilə dünyanın diqqətini özünə cəlb etdiyi, burada beynəlxalq səviyyəli tədbirlərin, musiqi və idman yarışlarının təşkilinin artıq ənənə halı aldığı qeyd edilib. Fukuoka iş adamları Azərbaycanla bağlı layihələrdə, o cümlədən qida məhsulları sərgisində fəal iştiraka dəvət olunub.

Sonda yapon iş adamlarının ölkəmizlə bağlı sualları cavablandırılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.