DÜNYA
Yaponiyada Distant İş Günü qeyd edilib
Tokio, 24 iyul, AZƏRTAC
İyulun 24-də bütün Yaponiya üzrə idarə və müəssisələrdə Distant İş Günü qeyd edilib. Həmin gün işin məsafədən idarə edilməsi kampaniyası keçirilib.
Yaponiya hökuməti iyulun 24-ü iş yerlərinin yenidən qurulması və nəqliyyatda sıxlığı azaltmaq məqsədilə Distant İş Günü elan edib.
Həmin gün Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin 900-ə yaxın əməkdaşı evdə işləyib.
Yaponiyada distant iş rejimi əməkdaşlara öz işləri ilə məşğul olmaqla yanaşı, eyni zamanda, uşaqlara, xəstə və qoca qohumlarına xidmət üçün imkan kimi qəbul edilir.
Nazirliyin rəsmi nümayəndələrinin bildirdiyinə görə, ötən il ölkədəki müəssisələrin təqribən 13 faizi distant iş rejimindən istifadə edib.
Hökumət belə müəssisələrin sayını 2020-ci ilədək 35 faizə çatdırmağı qarşıya məqsəd qoyub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio