DÜNYA
Yaponiyada “Halong” qasırğası doqquz nəfərin ölümünə səbəb olub VİDEO
Tokio, 11 avqust (AZƏRTAC). Yaponiyanın “Kyodo” informasiya agentliyinin yaydığı məlumata əsasən, güclü külək və leysan yağışla müşayiət olunan “Halong” qasırğası doqquz nəfərin ölümünə səbəb olub.
Bununla bərabər, NHK televiziya kanalı iki nəfərin ölümü barədə xəbər verib. Daha iki nəfər itkin düşüb, 80-dən çox adam isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaponiyada 11 nömrəli tufan adı alan “Holong” iyulun 29-da Marian adaları ərazisində formalaşıb. Hazırda tropik fırtına səviyyəsinə enən qasırğa Hönsü adasının qərbində yerləşən Hyoqo prefekturasından Yapon dənizi istiqamətində hərəkət edir. Qasırğanın mərkəzində təzyiq 975 hektopiksel, küləyin sürəti saniyədə 30 metr təşkil edir. Fırtına şimal-şərq istiqamətində saatda 45 kilometr sürətlə hərəkət edir.
NHK televiziya kanalının son məlumatlarına əsasən, fırtına ilə bağlı təxliyə olunmaq barədə 190 min nəfərə xəbərdarlıq göndərilib. Aparıcı yapon aviaşirkətləri 309 reysin təxirə salınması barədə elan verib. Bu ərəfədə daha 500 aviareys təxirə salınmışdı. 3,5 mindən artıq ev elektrik enerjisiz qalıb.
Avqustun 10-da Yaponiyanın Mərkəzi Meteoroloji Agentliyi Hönsü adasında yerləşən Mie prefekturasında “Xüsusi xəbərdarlıq” elan etmişdi. Həmin prefekturada 48 saat ərzində 600 millimetrdən çox yağıntı düşüb. “Xüsusi xəbərdarlıq” Yaponiyada yalnız insan tələfatı ilə nəticələnə biləcək təbii fəlakət gözlənildiyi halda, bir neçə on ildə bir-iki dəfə elan olunur. Fırtına xəbərdarlığı Sikoku, Kinki, Tokay, Kanto, Hokuriku adaları və Tohoku regionunun qərb hissəsi üçün hələ də qüvvədədir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio