DÜNYA
Yaponiyada Hiroşima qurbanlarının xatirəsi anılıb
Tokio, 6 avqust, AZƏRTAC
Avqustun 6-da on minlərlə insan Hiroşimanın mərkəzində yerləşən Sülh parkında toplaşaraq, 72 il əvvəl ABŞ silahlı qüvvələri tərəfindən bu şəhərə atılan atom bombasının qurbanlarının xatirəsini anıb.
Mərasim iştirakçıları arasında “Hibakuşa” alanan faciə iştirakçıları da olub.
Yerli vaxtla 08:15:01-də, atom bombasının Hiroşimaya atıldığı an faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə 80 ölkənin nümayəndəsi, o cümlədən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib. Ənənəvi olaraq, “Sülh məşəli” abidəsinin önünə əklil qoyan üç ölkənin nümayəndələri sırasında ilk dəfə Azərbaycanın bu ölkədəki səfiri də olub. Gürsel İsmayılzadə abidə önünə əklil qoyaraq, Azərbyacan Respublikası adından həlak olanların xatirəsinə ehtiramını bildirib.
Tədbirdə sülh bəyənatı ilə çıxış edən Hiroşima şəhərinin meri Kazumi Matsui deyib: “Cəmiyyət başa düşür ki, nüvə silahı dövlət təhlükəsizliyinin təmin edilməsi üçün yararsızdır. Bu gün bir bomba 72 il bundan əvvəl atılan atom bombasından min dəfələrlə güclüdür. Nüvə silahının istənilən tətbiqi həm bu silahdan istifadə edən, həm də onun düşməni üçün dünyanı cəhənnəmə çevirə bilər”. Bütün dünyanı nüvə silahından imtina etməyə çağıran mer deyib ki, bu silahın saxlanması bəşəriyyəti təhlükə qarşısında qoyur və külli miqdarda lazımsız məsrəf deməkdir.
Bu yaxınlarda BMT-də 122 ölkənin və ərazinin qoşulduğu nüvə silahının ləğvi barədə müqaviləni xatırladan mer, nüvə silahına malik olan dövlətləri də həmin sənədə qoşulmağa çağırıb. K.Matsui, eyni zamanda, Yaponiya hökumətinə müraciət edərək, müqavilədəki bu çatışmazlığı aradan qaldırmaq üçün onun yardımına ehtiyac olduğunu deyib.
Mərasimdə çıxış edən Baş nazir Şinzo Abe deyib ki, nüvə silahının olmadığı dünyanın yaradılması üçün bu silaha malik olmayan dövlətlərlə, həmin silaha sahib olanların əlbir fəaliyyətinə ehtiyac var.
Ş.Abe deyib: “Atom bombardmanına məruz qalan yeganə ölkə olaraq Yaponiya nüvə silahının mövcud olmadığı dünyanın qurulması üçün var gücüylə çalışmağa hazırdır. Belə faciə bir daha heç vaxt təkrar olunmamalıdır”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio