DÜNYA


Yaponiyada İmperator Akihitonun taxtdan imtinasını nəzərdə tutan qanun qüvvəyə minib

Tokio, 16 iyun, AZƏRTAC 

Yaponiya hökuməti son 200 ildə ilk dəfə olaraq İmperatorun taxtdan imtinası barədə parlament tərəfindən təsdiq olunmuş nadir qanunun iyunun 16-da qüvvəyə minməsi barədə qərar qəbul edib. Sənədin rəsmi şəkildə dərc olunan mətnində deyilir ki, bu qanun üç il ərzində qüvvəyə malikdir və yalnız hazırda taxtda olan İmperatora şamil edilir.

İmperator Akihitonun taxtdan imtinası günü məsləhətləşmələrdən sonra dəqiqləşdiriləcək və hökumət fərmanı şəklində tərtib ediləcək. Yalnız bundan sonra 57 yaşlı vəliəhd-şahzadə Naruhito taxta çıxacaq.

Hazırda İmperator Akihitonun 2018-ci ilin dekabrında taxtdan getmək variantı daha münasib hesab edilir. Lakin bunun daha tez baş verəcəyi ehtimalı da var. Eyni zamanda, ölkədə kargüzarlıq işlərini yüngülləşdirmək üçün monarxın 2019-cu il martın 31-də, növbəti maliyyə ili başa çatdıqdan sonra dəyişilməsi təklifi də gündəlikdədir.

Taxtdan imtina etdikdən sonra da Akihito əvvəllər olduğu kimi “Əlahəzrət” adını daşıyacaq, lakin yaşamaq üçün başqa saraya köçsə də mövcud maliyyə təminatını saxlayacaq. Eyni zamanda, o, dövlətin və xalqın birliyinin simvolu kimi bütün konstitusiya funksiyalarını oğluna təhvil verəcək. Qanunda xüsusi olaraq vurğulanır ki, taxtdan gedən İmperator bütün səlahiyyətlərindən və vəzifələrindən məhrum ediləcək.

Xatırladaq ki, İmperator Akihitonun taxtdan imtinasına icazə verən qanun parlament tərəfindən cari il iyunun 9-da qəbul edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.