DÜNYA
Yaponiyada İmperatorun 1945-ci ildə təslim olmaq barədə bəyanatının orijinal yazısı ictimaiyyətə təqdim olunub
Tokio, 2 avqust, AZƏRTAC
Yaponiya İmperator sarayının İşlər İdarəsi Yaponiya İmperatoru Hirohitonun ölkənin II Dünya müharibəsində danışıqsız təslim olmaq barədə məşhur bəyanatının orijinal yazısını ilk dəfə olaraq avqustun 1-də geniş ictimaiyyətə təqdim edib.
1945-ci il avqustun 14-də səslənmiş bəyanat vinil plastinkaya yazılaraq, həmin gün günorta vaxtı efirə buraxılıb.
Bununla əlaqədar Yaponiya İmperator sarayı İşlər İdarəsinin bəyanatında deyilir: “Müharibənin başa çatmasının 70-ci ildönümündə bu rəmzi əşyanın geniş ictimaiyyətə nümayiş olunması barədə qərarın qəbulu fikrimizcə, mühüm əhəmiyyətə malikdir”.
Həmin vaxt plastinka yazısı bu gün də fəaliyyət göstərən NHK televiziya kanalının əməkdaşları tərəfindən İmperator sarayında qeydə alınıb. Onların bildirdiyinə görə, mətni ilk dəfə oxuyan İmperator yazının birinci variantını bəyənməyərək deyib: “Deyəsən, səsim çox aşağıdır”. Yazıya qulaq asan mütəxəssislər bildiriblər ki, həqiqətən də bəzi yerlər anlaşılmazdır. Bu zaman İmperator mətni ikinci dəfə oxuyub və məhz bu variant efirə buraxılıb.
Həmin vaxt bir qrup sui-qəsdçi hərbçi İmperatorun çıxışının qarşısını almaq istəyib. Saraya daxil olan sui-qəsdçilər plastinkanı ələ keçirməyə çalışsalar da, buna nail ola bilməyiblər. İmperator qvardiyasının sui-qəsdçilərə qoşulmaqdan imtina edən diviziya komandiri qətlə yetirilib. Hərbçilərin əksəriyyətini tərəflərinə cəlb edə bilməyən sui-qəsdçilər sonda təslim olublar. Onların əksəriyyəti harakiri ayinini icra edərək özlərini öldürüblər.
Tam saz vəziyyətdə NHK kanalına çatdırılan plastinka efirə buraxılmazdan əvvəl əhali mühüm xəbərin səslənəcəyi barədə xəbərdar edilib. Dörd dəqiqə yarım davam edən bəyanatda İmperator öz təbəələrini “mümkün olmayanı qəbul etməyə” çağırıb. Əhalinin əksəriyyəti İmeratorun bəyanatını dizi üstə çökərək, gözyaşları axıdaraq dinləyib. Həmin vaxt, demək olar ki, Yaponiyanın bütün əhalisi İmperatorun səsini ilk dəfə eşidib.
Müharibə başa çatdıqdan sonra amerikalılar yazının surətini çıxararaq yayıblar. Həmin surətlərdən yapon əsgərlərini müharibənin həqiqətən başa çatdığına inandırmaq üçün istifadə olunub. “Əlahəzrətin müqəddəs əmlakı” hesab edilən plastinkanın orijinalı isə sarayın bağlı arxivində bu günədək saxlanılıb.
Saray əyanlarının bu nadir tarixi eksponatı geniş ictimaiyyətə təqdim etmək barədə təklifini dəstəkləyən İmperator Akihito özü də ailəsi ilə birlikdə iyunun sonlarında plastinkaya qulaq asıb.
ABŞ-ın atom zərbələrindən və SSRİ-nin müharibəyə qoşulmasından sonra 1945-ci il avqustun 10-da monarxın və imperiyanın yuxarı vəzifəli məmurlarının iştirakı ilə bomba sığınacağında keçirilmiş müşavirənin fotoları da geniş ictimaiyyətə təqdim olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio