DÜNYA


Yaponiyada Şinzo Abenin nüfuzuna xələl gətirə biləcək daha bir sənəd aşkar edilib

Tokio, 20 iyun, AZƏRTAC 

Yaponiya Təhsil Nazirliyi iyunun 20-də Şinzo Abenin yaxın dostunun kommersiya layihəsinə qeyri-qanuni formada dəstək verdiyini təsdiq edən daha bir sənədin olması faktını təsdiq edib. Həmin xidməti qeydin aşkar edilməsi barədə Tokioda keçirilən mətbuat konfransında təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri Hirokazu Matsuno məlumat verib.

Nazirin sözlərinə görə, bu sənəddə həmin müəssisənin nümayəndəsi ilə Nazirlər Kabineti baş katibinin müavini Koiçi Haqiuda arasında danışığın mətni əksini tapıb. Məmur nümayəndəyə Baş nazir Şinzo Abenin məktəbə məxsus xüsusi iqtisadi zonada köhnə dostu Kotaro Kakenin adına bir fakültənin 2018-ci ilin aprelində açılması barədə arzusunu çatdırıb. Yaponiyada belə bir “arzu” favoritizm və dövlət orqanlarına təzyiq nümunəsi kimi qiymətləndirilir.

K.Haqiuda belə bir söhbətin olması faktını kəskin şəkildə rədd edib. Baş nazir Şinzo Abe də fakültənin müddəti ilə bağlı hər hansı göstəriş vermədiyini bildirib.

Təhsil Nazirliyi iyunun 15-də təsdiq edib ki, araşdırma zamanı müxalifətin parlamentdə elan etdiyi qalmaqallı 19 sənəddən 14-ü aşkar edilib. Həmin sənədlərdən bəzilərində özəl universitetə məxsus xüsusi iqtisadi zonada Kotaro Kakenin adına baytarlıq fakültəsinin açılması barədə “Baş nazirin niyyəti” öz əksini tapıb. Müxalifətin təkidinə görə, bu, vicdanlı rəqabət qaydalarının pozulması deməkdir. Yaponiyada artıq bir neçə on illərdir ki, baytarlıq fakültələri yaradılmır və Şikoku adasında yerləşən Ehime prefekturasındakı güzəştli zonada belə bir addım çox faydalı başlanğıc ola bilər.

Bu hadisə ətrafında qalmaqal artıq bir neçə həftədir ki, davam edir. Nazirlikdə məsələ ilə bağlı araşdırma aparılsa da, həmin vaxt guya şübhəli heç bir sənəd aşkar ediləməmişdi. Təhsil Nazirliyinin yüksək vəzifəli sabiq məmurlarından biri həmin sənədlərin mövcud olduğunu dedikdən sonra yenidən araşdırmalara başlanılıb.

Qalamaqal Baş nazirin nüfuzuna ciddi xələl gətirib və iyunun 19-da dərc edilən bir sıra sorğuların nəticələri onun reytinqinin kəskin aşağı düşdüyünü təsdiq edir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.