DÜNYA
Yaponiyada Uşaqlar Günü – Siti-qo-san qeyd olunur VİDEO
Tokio, 16 noyabr (AZƏRTAC). Noyabrın 15-dən başlayaraq bir həftə ərzində Yaponiyada Uşaqlar günü - Siti-qo-san qeyd edilir. Üç-beş-yeddi mənasını verən bu günlər həmin il üç, beş və yeddi yaşı tamam olan uşaqların bayramı sayılır.
Yaponiyada üç, beş və yeddi rəqəmləri müqəddəs hesab edilir və bu bayramla əlaqədar bütün ayinlər mütləq icra edilməlidir. Valideynlər həmin günlərdə bu uşaqlara daha gözəl kimano geyindirməyə çalışır və ailə hamılıqla məbədə yollanır. Valideynlər Buddaya övladlarının sağlam və xoşbəxt böyüməsi üçün dua edirlər. Yaponlarda yeddi yaşına qədər uşaqlar ilahi qüvvə, Allahın ailəyə bəxşişi hesab edilir və inanca görə, onlar məhz bu yaşdan sonra adi insana çevrilirlər.
Yaponiyanın hər yeridə həmin günlərdə müxtəlif tədbirlər – uşaqlar üçün müsabiqələr, konsertlər təşkil edilir, onlara hədiyyələr təqdim olunur. Bu günlər həm də uşaqların şəkil çəkdirmə bayramına çevrilir. Valideynlər uşaqlarını daha əlvan geyindirməyə çalışırlar ki, ətrafdakılar onların şəklini daha çox çəksinlər. Bayram günlərində məbədlərdə və ətraf parklarda ailələri ilə birlikdə gəzməyə çıxmış əlvan geyimli uşaqlar həm də peşəkar və həvəskar fotoqraflar tərəfindən əhatəyə alınırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio