DÜNYA
Yaponiyada Yerin maqnit qütblərinin 770 min il bundan əvvəl dəyişməsinin sübutu tapılıb
Tokio, 2 iyun, AZƏRTAC
Yapon alimləri 770 min il bundan əvvəl Yerin maqnit qütblərinin indikinin əksinə olaraq dəyişməsini sübut edən dəllillər aşkar ediblər. Bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, Çiba prefekturasında yerləşən Yoroqava çayı yaxınlığında qütblərin yerini dəyişməsi vaxtını təsdiq edən geoloji qatın nümunələri aşkar edilib. Maqnit şüalanması almış bu nümunələrin təhlili təsdiq edir ki, 770 min il bundan əvvəl Yerin Cənub maqnit qütbü Şimal maqnit qütbünün yerində yerləşib. Bu nümunələr göstərir ki, təqribən 770 min il bundan əvvəl həqiqətən də yerin maqnit qütbləri yerlərini dəyişiblər.
Geoloji dövrlər və onların daxilindəki yaruslar, qaydaya görə, həmin geoloji qatın tapıldığı coğrafi yerin adına uyğun olaraq təyin edilir. Bu qaydanı əsas götürən yapon alimləri cari ilin iyununda Şiba prefekturasını 770-120 min il bundan əvvəlki dövrü adlandırmaq üçün namizəd olaraq irəli sürmək niyyətindədirlər. Bu təklifin qəbul ediləcəyi təqdirdə həmin dövrün Çibanaium adlandırılacağı gözlənilir.
Çiba prefekturası ilə yanaşı, həmin dövrü adlandırmaq iddiası ilə İtaliyanın iki şəhəri də çıxış edir. Lakin yapon alimlərinin qənaətinə görə, Çiba prefekturasındakı tapıntı həmin dövrdə baş vermiş inqilabi dəyişikliyi daha dəqiq şəkildə özündə əks etdirir. Əgər həmin geoloji dövr bu adı alarsa, ilk dəfə olaraq geoloji dövr Asiyada yerləşən məskənə görə adlandırılacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio