DÜNYA
Yaponiyada “ağıllı şəhər” layihəsi
Bakı, 27 noyabr, AZƏRTAC
Yaponiyada Fudzisava “ağıllı şəhər”inin açılış mərasimi olub.
Tokiodan bir saatlıq məsafədə yerləşən qəsəbə gələcəyin enerji səmərəli, ekoloji və rahat şəhərləri üçün model kimi düşünülüb. Layihə “Mitsui & Co”, “Accenture”, “Tokyo Gas” daxil olmaqla Yaponiyanın bir sıra firmalarının iştirakı ilə “Panasonic” şirkəti tərəfindən reallaşdırılıb. Hazırda Fudzisava “ağıllı şəhərində" təxminən yüzlərlə ev satılıb. Layihə 1000 ailə üçün nəzərdə tutulub. Yüksəktexnologiyalı qəsəbə Fudzisava şəhərində 19 hektar ərazini tutur. Ötən əsrin 60-cı illərinin ortalarından bu meydançada “Panasonic”in məişət texnikası və elektronika istehsalı yerləşib.
Layihə yaradıcılarının fikrincə, “gələcəyin şəhəri” ilk növbədə enerji səmərəli olmalıdır. Fudzisavada hər bir ev günəş panelləri ilə təchiz edilib. Xüsusi “ağıllı” sistem enerji sərfiyyatı optimallaşdıraraq qurğuların məlumat mübadiləsinə imkan verir. Bütün bu avadanlığı “Panasonic” korporasiyası tədarük edir, şirkətin bölməsi “PanaHome” evlərin tikintisi ilə məşğul olur. Layihəçilərin hesablamalarına görə, təbii fəlakət və milli elektrik şəbəkəsindən elektrik təchizatının dayandırılması halında şəhər öz sakinlərini üç gün ərzində elektrik, rabitə və hətta isti su ilə təmin edəcək. Fudzisava “ağıllı şəhəri” elektrik enerjisinin 30 faizini alternativ bərpa olunan mənbələrdən əldə edəcək.