DÜNYA
Yaponiyada istehlak vergisinin artırılması təxirə salına bilər
Tokio, 25 may, AZƏRTAC
Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) yüksək vəzifəli nümayəndəsi Baş nazir Şinzo Abeni istehlak vergisinin artırılması barədə qərarı təxirə salmağa çağırıb.
LDP-nin ümumi məsələlər şurasının sədri Toşihiro Nikai büdcə xərcləri və istehlak vergisi ilə bağlı təkliflərlə çıxış edib. Həmin təkliflərdə o, gələn il artırılması planlaşdırılan istehlak vergisini iki il təxirə salmağa çağırıb.
Xəbər verdiyimiz kimi, hökumət gələn ilin aprelində istehlak vergisini mövcud səkkiz faizdən on faizə qaldırmağı planlaşdırır.
T.Nikainin qənaətinə görə, hökumət dünya maliyyə böhranı və ya 2011-ci ildə baş vermiş təbii fəlakət kimi hallar baş verməyəcəyi təqdirdə istehlak vergisini artırmaq planına sadiq qalacağını bildirib. Dünyanın iqtisadi inkişafında baş verən ciddi ləngimələri və Yaponiyanın cənub-qərbində ötən ay olan zəlzələni əsas gətirən LDP rəsmisi bunların çox ciddi səbəblər olduğunu bildirir.
T.Nikai təklif edir ki, yaranmış şəraitdə Baş nazir Şinzo Abenin son qərarları qəbul etməli və istehlak vergisinin 2019-cu ilədək təxirə salınması onların arasında xüsusi yer tutmalıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio