DÜNYA
Yaponiyada istilər nəticəsində 700-ə yaxın insan xəstəxanalara yerləşdirilib
Tokio, 24 may, AZƏRTAC
Mayın 16-dan 22-dək olan dövrdə Yaponiyada 688 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Bu barədə ölkənin Baş Yanğınsöndürmə İdarəsi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, xəstəxanalara yerləşdirilənlərin yarıdan çoxunun yaşı 65-dən yuxarıdır. Son bir ayda Yaponiyada ümumilikdə 1,7 min nəfər istidən zərər çəkib, bir nəfər isə həlak olub.
Ötən həftənin sonlarından başlayaraq, Yaponiyanın paytaxt regonunun da daxil olduğu mərkəzi hissəsində hava həddindən artıq isinib, termometrlərin sütunu 30 dərəcədən yuxarını göstərir. Yapon meteoroloqlarının bildirdiyinə görə, bu yay Sakit okeanda yaranan El-Nino və La-Ninya kimi iqlim fenomenləri havanın temperaturunun artmasına səbəb olacaq.
Yaponiyada ötən yay istilər nəticəsində 100-dən çox insan həlak olmuşdu, 53 min nəfər isə xəstəxanalara yerləşdirilmişdi. Səhiyyə işçiləri insanlara günəş altında çox qalmamağı, baş geyimi gəzdirməyi və çoxlu maye içməyi tövsiyə edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio