DÜNYA
Yaponiyada leysan yağışlara görə 18 min sakinin təxliyəsi tövsiyə olunub
Tokio, 21 iyun, AZƏRTAC
Yaponiyanın qərbində yerləşən Kumano və Naçikatsuura şəhərlərinin təqribən 18 min sakini leysan yağışlardan qorunmaq üçün sığınacaqlara təxliyə olunmaq barədə tövsiyə alıb. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıblar.
Son 12 saat ərzində həmin rayonlara 200 millimetrdən artıq yağış düşdüyü bildirilir. Bəzi yerlərdə yağışın intensivliyi saatda 50 millimetrə çatır. Hazırda aşağı təzyiq zonası şimal-şərq istiqamətində hərəkət edir və gün ərzində Yaponiyanın mərkəzi hissəsinə çatacağı gözlənilir.
Hakimiyyət orqanlarının potensial təhlükə rayonunu tərk etmək barədə tövsiyəsini Naçikatsuura şəhərinin 1000-dən çox sakini alıb. Burada şəhər kənarından keçən Oçakava çayının sahilləri aşacağı təhlükəsi çox böyükdür. Kumano şəhərində isə güclü yağışlar səbəbindən torpaq sürüşmələrinin baş verəcəyi gözlənilir. Bununla yanaşı, bir sıra avtomobil yollarında nəqliyyatın hərəkəti də dayandırılıb.
Xəbər verdiyimiz kimi, iyunun ortalarından Yaponiyanın mərkəzi hissəsində yağışlar fəsli başlayıb. Yağışların iyulun ortalarınadək davam edəcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio