DÜNYA
Yaponiyada müxalifət partiyaları parlamentin aşağı palatasına seçkilərdə ümumi namizədlər barədə razılığa gəliblər
Tokio, 24 sentyabr, AZƏRTAC
Yaponiyanın dörd müxalifət partiyası parlamentin aşağı palatasına seçkilərdə güclərini birləşdirmək barədə niyyətlərini təsdiq ediblər.
Sentyabrın 23-də Yaponiyanın Demokratik, Kommunist, “Xalqın həyatı” və Sosial-Demokratik partiyalarının liderləri məsələ ilə bağlı bir araya gəliblər.
Cari ilin iyulunda parlamentin yuxarı palatasına seçkilər zamanı da bu partiyalar ümumi namizədlər irəli sürmüşdülər.
Əsas müxalifət partiyası olan Demokratik partiyada belə əməkdaşlığa münasibət heç də birmənalı deyil. Bu partiyanın yeni lideri xanım Renho bildirib ki, bütün partiyalar sentyabrın 26-da başlanacaq növbədənkənar sessiyada güclərini birləşdirməli və parlament debatlarından hakim koalisiyanın siyasi səhvlərini göstərmək üçün istifadə etməlidirlər.
Görüşün sonunda liderlər əməkdaşlığın yollarının detalları ilə bağlı razılaşmaların bu partiyaların baş katiblərinin görüşündə müzakirə olunması barədə qərar qəbul ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio