DÜNYA
Yaponiyada oktyabrın 1-dən qiymətlər qalxıb
Məlumat üçün qeyd edək ki, oktyabrın 1-də Tokio Fond Birjasında yenin məzənnəsi ABŞ dolları ilə müqayisədə rekord həddə yenərək 1 dollar üçün 110 yenə bərabər olub. Bu, 2008-ci ilin avqustundan bəri yenin ən aşağı alış həddidir.
Sürətli qidalanma şəbəkələrindən biri- “Starbucks Coffee Japan” öz menyusunda olan 12 məhsulun qiymətini qaldırıb. Məsələn, tərkibində daha çox süd olan südlü qəhvənin bir fincanı 10 sent bahalaşıb. Şəbəkənin operatoru bunun səbəbini içkinin hazırlanması üçün lazım olan südün dəyərinin artması ilə izah edir.
Qəhvə dənələrinin pərakəndə satışı ilə məşğul olan başqa bir şirkət isə qiymətləri orta hesabla altı faiz qaldırıb. Süd məhsullarının istehsalı ilə məşğul olan daha bir şirkət qiyməti dəyişməsə də, məhsulun çəkisini azaldıb ki, bu da elə qiymətin qaldırılması deməkdir.
Yaponiyanın “Nippon Paper Group” şirkətinin də daxil olduğu kağız istehsalçıları qrupu da qiymətləri 10-12 faiz qaldırmağı planlaşdırır. Bildirilir ki, bu sahə üçün lazım olan xammalın və yanacağın qiymətinin artması məntiqi olaraq yekun məhsulun dəyərinə öz təsirini göstərir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio