DÜNYA


Yaponiyada ötən həftə beş mindən çox insan günvurma səbəbindən xəstəxanalara yerləşdirilib

A+ A

Tokio, 16 avqust, AZƏRTAC

Yaponiya Baş Yanğınsöndürmə İdarəsinin yaydığı məlumata görə, ötən həftə beş min beş yüzdən çox insan günvurma səbəbindən xəstəxanalara yerləşdirilib.

Hesabat dövrü kimi götürülən avqustun 8-dən 14-dək Yaponiyada istilər qismən azalıb. Buna görə də xəstəxanalara yerləşdirilənlərin sayı hiss olunacaq dərəcədə azalıb. Bundan əlavə ötən həftə istilərlə bağlı ölüm hadisəsi də qeydə alınmayıb. Bir həftə bundan əvvəl isə ölkədə istilər nəticəsində 12 nəfərin öldüyü bildirilir. Həlak olanların əksəriyyətinin yaşlı insanlar olduğu qeyd edilir.

Hökumətin qənaətinə əsasən, əcnəbilərin vərdiş etmədiyi isti və rütubətli yay 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları zamanı ciddi problemlər yarada bilər. NHK televiziya kanalının yaydığı məlumata görə, hökumət bunun qarşısını almaq üçün dördballı xəbərdarlıq sisteminin yaradılması üzərində işləyir. Həmin məqsədlə bütün şəhər üzrə ötürücülər və termometrlər şəbəkəsinin quraşdırılması nəzərdə tutulur.

Cari ildə Yaponiyada istilər iyunun ortalarından başlanıb. Yağışlar fəslinin başa çatmasına baxmayaraq, Tokioda davam edən yağışlar rütubətin kəskin artması ilə müşahidə olunur.

Ötən yay Yaponiyada istilər nəticəsində 100-dən çox insan həlak olub, daha 53 min nəfər xəstəxanalara yerləşdirilib. Yapon həkimlər əhaliyə günə çox çıxmamağı, baş geyimi daşımağı və çoxlu maye qəbul etməyi tövsiyə edirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.