DÜNYA
Yaponiyada qədim qəsrin xarabalıqları arasından Roma imperiyasına məxsus sikkələr tapılıb
Tokio, 30 sentyabr, AZƏRTAC
Arxeoloqlar Yaponiyanın Okinava adasında yerləşən orta əsrlərə məxsus qəsrin xarabalıqları arasından qədim Roma sikkələri tapıblar. Rentgen analizi göstərib ki, sikkələrin üzərində Roma imperatoru Böyük Konstantinin təsviri həkk edilib. Bu, alimlər üçün tamamilə gözlənilməz hadisə olub.
UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş XII-XV əsrlərə aid Katsuren qəsrində arxeoloqlar dörd ədəd Roma sikkəsi aşkar ediblər. Qazıntılar yerli Təhsil İdarəsinin əməkdaşları tərəfindən aparılıb. Alimlərin rəyinə görə, Okinava əvvəllər Çin və Cənub-Şərqi Asiya ölkələri ilə geniş ticarət əlaqələri saxlayıb. Yeni tapılan qiymətli tarixi material isə təsdiq edir ki, bu ada Qərb dünyası ilə də əlaqələrə malik olub. Sikkələrdən hər biri 1,6-2 santimetrə bərabər dairə şəklindədir. Həddindən artıq korroziyaya uğradığından onların əvvəllər malik olduğu tam görüntü haqda fikir yürütmək çətindir.
Qazıntıların aparıldığı ərazidə tapılan daha bir sikkənin isə həmin vaxt adada mövcud olan Ryukko dövləti ilə sıx əlaqələr saxlayan Osmanlı imperiyasına məxsus olduğu güman edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio