DÜNYA
Yaponiyada qəzaya uğramış yüngül motorlu təyyarədiklərin hamısı həlak olub
Tokio, 4 iyun, AZƏRTAC
Yaponiyanın Toyama prefekturasında qəzaya uğramış “Cessna 172 Р” turbovintli yüngül təyyarəsindəki dörd nəfər həlak olub. Bu barədə NHK telekanalı məlumat yayıb.
Xəbər verdiyimiz kimi, iyunun 3-də saat 14:23-də Toyama aeroportundan səmaya qalxan təyyarə bir saat sonra Matsumoto aeroportunda yerə enməli idi. Təyyarədəkilərdən biri polisə zəng edərək bildirib ki, onlar qəzaya uğrayıb və təyyarədəkilərin hamısı ciddi xəsarət alıb. Onlardan ikisi huşsuz vəziyyətdədir.
Həmin gün axşamadək polisin axtarışları nəticə verməyib, təyyarənin sərnişini ilə əlaqə yaratmaq cəhdi də uğursuzluqla nəticələnib. İyunun 4-də səhər saatlarında davam etdirilən axtarışlar saat 5 radələrində təyyarənin aşkar edilməsi ilə başa çatıb. Təyyarədəkilər yaxınlıqdakı xəstəxanaya çatdırılsalar da onların həyatını xilas etmək mümkün olmayıb.
Təyyarənin qəzaya uğraması səbəbləri araşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio