DÜNYA
Yaponiyada restoranlarda yanğın törədən yakuzalar həbs olunub
Tokio, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Yaponiya polisi daha təhlükəli “Kudokay” yakuza qruplaşmasının 11 üzvünün həbs olunması barədə məlumat yayıb. Onlar cinayət aləminin üzvlərinə xidmət göstərməkdən imtina etmiş restoranlarda yanğın törətməkdə təqsirli bilinirlər.
Hadisə 2012-ci ilin avqustunda Kitakyuşu şəhərində baş verib. Həmin vaxt yakuzalar restoran və barın yerləşdiyi iki kompleksin liftində yanğın törətmişdilər. Həmin restoran və bar yerli hakimiyyət orqanlarının cinayətkarların restoran biznesindən uzaqlaşdırılması çağırışına qoşularaq yakuzaların restorana girişinin qadağan olunması barədə elan asmışdı. Hadisə vaxtı tüstüdən zəhərlənən və yanıq yaraları alan dörd nəfər xəstəxanaya yerləşdirilmişdi.
İstintaq hazırda həbs olunanların digər belə hadisələrdə iştirakını araşdırır. Yapon polisi son vaxtlar mütəşəkkil cinayətkarlığa qarşı təzyiqi gücləndirib və “Yamaquçi-qumi” yakuza sindikatının 100-dək üzvünü həbs edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio