DÜNYA
Yaponiyada son həftə ərzində istilər səbəbindən 430 nəfər xəstəxanaya yerləşdirilib
Tokio, 26 may, AZƏRTAC
Yaponiyanın bir sıra regionlarında son həftə ərzində müşahidə olunan istilər səbəbindən 430-dan çox insan xəstəxanalara yerləşdirilib.
Yaponiyada həm də təcili yardım xidməti vəzifəsini icra edən Yanğından Mühafizə İdarəsi mayın 18-dən 24-dək dövrü əhatə edən məlumatı yayıb. İstilər nəticəsində insanların xəstəxanalara yerləşdirilməsi barədə məlumatlar Tokio və Kioto şəhərlərindən, Saytama, Aiçi, Fukusima, Fukuoka və digər prefekturalardan daxil olub.
Mayın 26-da Fukuoka prefekturasında 9 uşaq günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. NHK ictimai televiziyasının məlumatına görə, təqribən 780 ibtidai sinif şagirdi idman tədbirləri ilə bağlı məşqlərdə iştirak edib. Yerli vaxtla saat 11:00 radələrində onlardan 17-si özünü pis hiss etdiyini bildirib. Hadisə yerinə gələn tibb işçiləri şagirdlərdə günvurma simptomlarını aşkar ediblər.
Yaponiyanın Baş Meteorologiya Agentliyi ölkənin bir çox şəhərlərində, o cümlədən Tokioda temperaturun 30 dərəcədən yuxarı qalxacağını proqnozlaşdırır. Mütəxəssislər uzun zaman küçədə qalmağın təhlükəli olması barədə xəbərdarlıq edərək, daha çox maye qəbul etməyi, fiziki işlə və açıq havada idmanla məşğul olmamağı tövsiyə edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio