DÜNYA
Yaponiyada xilasedicilər qəzaya uğrayan hərbi təyyarədəkilərin hamısını aşkar ediblər
Tokio, 16 may, AZƏRTAC
Yaponiyada xilasedicilər qəzaya uğramış LR-2 kəşfiyyat təyyarəsindəki heyət üzvlərini və dörd sərnişini aşkar ediblər. NHK telekanalının yaydığı məlumata əsasən, hazırda mütəxəssislər onların vəziyyətini müəyyən etməyə çalışırlar. Onların həlak olması barədə rəsmi məlumat verilməyib.
Yaponiya özünümüdafiə qüvvələrinə məxsus LR-2 təyyarəsi mayın 15-də Hokkaydo adasında qəzaya uğrayıb. Onun parçaları adanın cənubundakı Assabu dağının dambasında aşkar edilib.
Mayın 16-da səhər xilasedicilər təyyarənin fyuzelyajını tapıblar. Telekanalın məlumatına görə, təyyarənin sərnişinləri də həmin ərazidə aşkar olunublar. İki saat sonra digər iki nəfər də tapılıb.
Təyyarənin Sapporodakı Okadama aeroportundan xəstə sərnişini təyinat yerinə çatdırmaq üçün Hakodate istiqamətində havaya qalxdığı bildirilir. Hakodate aeroportu rayonunda təyyarə radarlardan itib.
LR-2 turboçarxlı, 14 metr uzunluğunda təyyarədir. Heyət üzvlərinin sayı 10 nəfərdir. Təyyarə ağır xəstələri daşımaq, aviamüşahidə və havadan kəşfiyyat funksiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio