DÜNYA
Yaponiyada yeni nazir hakim partiyanın lideri vəzifəsi uğrunda mübarizə aparacağını bildirib
Tokio, 4 avqust, AZƏRTAC
Yaponiyanın yeni daxili işlər və kommunikasiya naziri xanım Seyko Noda hakim Liberal Demokratik Partiyanın (LDP) sədri vəzifəsi uğrunda 2018-ci ilin sentyabrında keçiriləcək seçkilərə qatılacaq. Bu barədə o, avqustun 3-də hökumətin tərkibində aparılan dəyişikliklərdən sonra təşkil olunan ilk mətbuat konfransında bəyan edib.
Nazirin sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Mən mütləq öz namizədliyimi irəli sürəcəyəm”.
Yaponiyada mövcud qaydalara əsasən, parlamentin aşağı palatasında daha çox yer əldə edən siyasi partiyanın lideri avtomatik olaraq ölkənin Baş naziri təyin edilir.
LDP nizamnaməsində aparılan dəyişikliklərə görə, Şinzo Abenin üçüncü müddətə öz namizədliyini irəli sürmək hüququnu saxlamasına baxmayaraq, hazırkı sədrin rəqibinə çevriləcək S.Noda onun liderliyinə xələl gətirmək niyyətində olmadığını bildirib.
2015-ci il seçkiləri zamanı da S.Noda LDP-nin sədri vəzifəsi uğrunda mübarizəyə qoşulmağa çalışıb. Lakin lazım olan 20 deputatın dəstəyini qazana bilmədiyinə görə geri çəkilməli olub.
Partiyanın rəsmi nümayəndələrinin məsələyə münasibətini öyrənən Kyodo agentliyi bildirir ki, onların qənaətinə görə Ş.Abe S.Nodanı nazir təyin etməklə partiya daxilində birliyi gücləndirmək məqsədi güdüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio