SİYASƏT
Yaponiyalı bloqqerin adı Azərbaycan XİN-in “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb
Bakı, 21 iyun, AZƏRTAC
Yaponiya vətəndaşı, müstəqil bloqqer Natsumi Daizen ölkəmizin Tokiodakı səfirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubunda N.Daizen Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini və Azərbaycan hökumətinin müvafiq razılığı olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməyəcəyini bildirib.
Səfərlə əlaqədar təəssüfünü ifadə edən N.Daizen Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib. O, işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini vurğulayıb.
N.Daizenin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.