CƏMİYYƏT


Yaponiyalı göz həkimləri Bakıda 580 nəfərdən çox insanı pulsuz müayinə edib

Bakı, 17 iyul, AZƏRTAC 

Yaponiyanın “Fuci Optikal” şirkətinin görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycanda 13-cü missiyası iyulun 17-də başa çatıb. “Fuci Optikal” şirkəti növbəti humanitar aksiyanı Mingəçevir və Şəkidən sonra Bakı şəhərində reallaşdırıb.

AZƏRTAC xəbər verir ki, şirkətin görmə qabiliyyətinin müayinəsi üzrə tanınmış alimi, yaponiyalı doktor Akio Kanainin rəhbərlik etdiyi 6 nəfər optometrist mütəxəssis iyulun 17-də Bakı şəhəri Binəqədi rayonunda 246 saylı məktəbdə məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı kampaniyasını həyata keçirib.

Bakıda keçirilən göz müayinəsi aksiyasında 580 nəfərdən çox qaçqın və məcburi köçkün, digər həssas qruplardan olan insanların gözləri müayinə edilib, eynəklər paylanılıb.

Humanitar kampaniya barədə məlumat verən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin sahə məsələləri üzrə baş məsləhətçisi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Elsevər Ağayev AZƏRTAC-a bildirib ki, 2005-ci ildən etibarən bu layihə hər il Azərbaycan Hökuməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin sıx əməkdaşlığı və birgə təşkilatçılığı ilə həyata keçirilir. Beş gün davam edən xeyriyyə aksiyaları zamanı əsasən qaçqın və məcburi köçkünlərin, digər həssas qruplardan olan insanların gözləri oftalmoloq həkimlər tərəfindən müayinə olunub.

Bildirilib ki, bu il Mingəçevir və Şəki şəhərlərində təşkil edilən humanitar aksiya zamanı ümumilikdə 2284 eynək paylanılıb, 2487 nəfər məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanlar müayinə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.