REGİONLAR
Yaponiyalı göz həkimləri Mingəçevirdə 1640 nəfəri pulsuz müayinə edib
Mingəçevir, 13 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Yaponiyanın “Fuci Optikal” şirkəti görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycanda 13-cü missiyasını uğurla davam etdirir. Şirkətin görmə qabiliyyətinin müayinəsi üzrə tanınmış alimi, yaponiyalı doktor Akio Kanainin rəhbərlik etdiyi 6 nəfər optometrist mütəxəssis iyulun 11-dən 13-dək Mingəçevir şəhərində qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı kampaniyası həyata keçirib.
AZƏRTAC xəbər verir ki, humanitar aksiya Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünlər üçün yeni salınan qəsəbənin klubunda təşkil olunub. Yaponiyalı həkimlər ötən 3 gün ərzində müasir tibbi cihazlarla müxtəlif yaş qrupundan olan 1640 nəfərin görmə qabiliyyətini yoxlayıblar. Məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanlar müayinələrdə iştirak edərək pulsuz eynəklə təmin olunublar.
Gözlərini müayinə etdirən Ağdam sakini, məcburi köçkün Nofəl Nuriyev səhhəti ilə bağlı ona qayğı göstərən humanitar aksiyanın təşkilatçılarına, Azərbaycan hökumətinə və yaponiyalı həkimlərə təşəkkür edib: “Hökumətimiz bizi Mingəçevirdə yeni salınan köçkün qəsəbəsində evlə təmin edib, hazırda yaraşıqlı mənzillərdə yaşayırıq. Gözlərimdə görmə problemim var idi. Yaponiyalı həkimlər məni də müayinə etdilər və pulsuz eynək verdilər”.
Şuşa şəhərindən olan məcburi köçkün Esmira Musayeva şəkər xəstəsi olduğunu və uzun müddətdir ki, zəif gördüyünü bildirib. “Hökumətimiz bizim hər cür qayğı ilə əhatə olunmağımız üçün əlindən gələni edir. Ona görə də Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bu gün mən də humanitar aksiyadan yararlandım. Yeni pulsuz eynək verdilər. İndi yaxşı görürəm”, - deyə o qeyd edib.
Məcburi köçkün İlyas Kazımlı köçkünlər üçün yaradılan şəraitə görə dövlətimizin rəhbərliyinə minnətdarlığını bildirərək deyib: “Mən də göz xəstəsiyəm. Dəfələrlə müayinə olunsam da heç bir nəticə yox idi. Görmə qabiliyyətim zəif idi, əziyyət çəkirdim. Eşitdim ki, şəhərimizə Yaponiyadan tanınmış mütəxəssislər gəlib. Bu gün həkimlər məni müayinə edib, eynək verdilər. Yaponiyalı həkim Akio Kanainiyə də minnətdarlıq edirəm ki, o məni səbirlə dinlədi, yüksək səviyyədə müayinə etdi. Allah hökumətimizdən də razı olsun”.
Müayinələr və eynəklərin paylanılması missiyası iyulun 14-15-də Şəkidə, ayın 17-də isə Bakıda həyata keçiriləcək.
Qeyd edək ki, 2005-ci ildən indiyə qədər bu layihə hər il Azərbaycan Hökuməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin sıx əməkdaşlığı və birgə təşkilatçılığı ilə həyata keçirilir. Hər il Azərbaycanda 6 gün ərzində keçirilən belə xeyriyyə aksiyaları zamanı əsasən məcburi qaçqın və məcburi köçkünlərin, digər həssas qruplardan olan insanların gözləri oftalmoloq həkimlər tərəfindən müayinə olunur. “Fuci Optikal” şirkəti Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,5 milyon ABŞ dollarınadək vəsait xərcləyib, 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. İndiyədək, ümumilikdə, 20 minə yaxın qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insanlar ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.