İQTİSADİYYAT
Yaponiyalı iş adamları Azərbaycana səfərin zəngin təəssüratlarını bölüşüblər VİDEO
Oktyabrın 15-də Tokioda “Cross Border Club”un və “WorldInvesters TV” internet televiziyasının təşkilatçılığı ilə keçirilən toplantıda yapon iş adamlarından ibarət qrupun Azərbaycana işgüzar səfərinin nəticələrindən bəhs olunub.
Toplantıda çıxış edən “WorldInvesters TV” internet televiziyasının prodüseri, ölkələrin investisiya imkanlarının araşdırılması sahəsində tanınmış iqtisadçı-ekspert Kazuyasu İşida son illər dünya iqtisadiyyatında baş verən proseslərdən, yaranmış mürəkkəb şəraitdən danışıb. Bildirib ki, bəzi ölkələr mövcud iqtisadi potensialdan məharətlə yararlanaraq böhrandan itkisiz çıxmağı bacarıb, ümumi daxili məhsulun artımında mühüm irəliləyişə nail olublar. Belə ölkələr sırasında Azərbaycanın xüsusən seçildiyini vurğulayan K.İşida son 10 ildə respublikamızda həyata keçirilən nəhəng layihələrdən bəhs edib. Tanınmış ekspert Azərbaycanın iqtisadi proqnozlarının çox ümidverici olduğunu, yaxın 15 ildə daha böyük uğurlara imza atacağını diqqətə çatdırıb. K.İşida bu sürətli inkişafın şahidi olmaq istəyən yapon iş adamlarından ibarət qrupun oktyabrın 9-12-də Azərbaycana işgüzar səfəri barədə məlumat verib.
Səfərdə iştirak etmiş biznesmenlər Azərbaycan haqqında zəngin təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Azərbaycanın son illər dinamik inkişafının şahidi olduqlarını qeyd edən iş adamları ölkəmizin həm qədim tarixə, mədəniyyətə malik olduğunu, həm də müasir tikililəri ilə diqqəti cəlb etdiyini vurğulayıblar.
Seminarda Azərbaycanın Yaponiyadakı səfirliyinin nümayəndəsi ölkəmizdə son illərdə əldə edilən iqtisadi uğurlar, investisiya imkanları və biznesin təşkili haqqında məlumat verib, yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu vurğulayıb.
Daha sonra iştirakçıların Azərbaycanda biznesin təşkili prosedurları ilə bağlı sualları cavablandırılıb, maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio