REGİONLAR
Yaponiyalı mütəxəssislərin növbəti humanitar aksiyası Ağcabədidə reallaşıb
Ağcabədi, 27 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Tanınmış yapon alimi, “Fuji Optical” özəl şirkətinin rəhbəri Akio Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət Azərbaycanda görmə qabiliyyətinin müayinəsi üzrə növbəti humanitar aksiyanı davam etdirir.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində mayın 27-də Ağcabədi rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdıqları 556 ailəlik yaşayış məhəlləsində göz müayinəsi həyata keçirilib. Humanitar aksiya zamanı 496 nəfər müayinə olunub və onlara eynəklər paylanıb. Aksiya mayın 28-də də davam edəcək.
Xeyriyyə aksiyasını rəğbətlə qarşılayan məcburi köçkünlər və aztəminatlı ailələr sağlamlıqlarına göstərdikləri qayğıya görə Akio Kanaiyə və “Fuci Optika” şirkətinin üzvlərinə təşəkkür ediblər.
Qeyd edək ki, yardım proqramı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Doktor Akio Kanai Yaponiyada yerləşən və son 4 onillikdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ən səxavətli donorlarından olan “Fuci Optikal” özəl şirkətinin sahibidir. 1983-cü ildən indiyədək şirkət qaçqınlara, məcburi köçkünlərə və aztəminatlı insanlara paylanması üçün 150 mindən artıq eynək ianə edib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Fuci Optikal” şirkətinə Asiya, Avropa və Afrikanın altı ölkəsində görmə fəaliyyətinin yaxşılaşdırılması üzrə fəaliyyətinə şərait yaradıb, bu ölkələrdən dördündə görmə qabiliyyətinin müayinəsi missiyaları həyata keçirib. Azərbaycan da bu ölkələrdən biridir. “Fuci Optikal” Azərbaycandakı missiyasını yerinə yetirmək üçün 2005-ci ildən indiyədək iki milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Builki humanitar aksiya “Fuci Optikal” şirkətinin ölkəmizdə sayca 12-ci belə missiyasıdır.