DÜNYA
Yaponiyanın Baş naziri Havay adalarında həlak olmuş Amerika əsgərlərinin xatirəsini yad edib
Tokio, 27 dekabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe Amerika əsgərlərinin və ABŞ sualtı qayığı ilə toqquşma nəticəsində həlak olan yapon balıqçıların xatirəsini yad edərək onların qəbirləri üzərinə əklil qoyub. Kyodo agentliyinin yaydığı məlumata görə, Ş.Abenin Havay adalarına ikigünlük səfəri bu tədbirlə başlayıb.
Məlumatda qeyd edilir ki, Yaponiyanın Baş naziri yapon aviasiyasının 1941-ci ildə hücumu zamanı həlak olmuş Amerika əsgərlərinin dəfn olunduğu qəbiristanlığı ziyarət edib.
Agentlik xatırladır ki, 2011-ci ildə Yaponiyanın sabiq Baş naziri olmuş Yoşihiko Noda da bu qəbiristanlığı ziyarət edib.
Ş.Abe, eyni zamanda, Makiki qəbiristanlığında dəfn olunan yaponların qəbirləri üzərinə çiçəklər düzüb. Baş nazir, həmçinin ABŞ-ın “Ehime-maru” sualtı qayığı ilə toqquşma nəticəsində həlak olan doqquz balıqçı və dörd məktəblinin xatirəsinə ucaldılan abidəni də ziyarət edib.
Agentliyin məlumatına görə, bu səfərdə Baş naziri xarici işlər naziri Fumio Kişida, müdafiə naziri Tomomi İnada və ABŞ-ın Yaponiyadakı səfiri Kerolayn Kennedi müşayiət edirlər.
Baş nazir Ş.Abe Havay adalarına səfəri çərçivəsində ABŞ Prezidenti Barak Obama ilə birlikdə 1941-ci il dekabrın 7-də yapon aviasiyasının hücumu zamanı Pörl Harborda həlak olmuş dənizçilərin xatirəsinə həsr olunan tədbirdə iştirak edəcək. Eyni zamanda, Ş.Abenin B.Obama ilə ikitərəfli görüş keçirəcəyi və iki ölkə liderinin müharibə faciəsinin bir daha təkrar olunmaması ilə bağlı bəyanatla çıxış edəcəyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio