DÜNYA
Yaponiyanın Baş naziri Rusiya Prezidenti ilə doğma prefekturada görüşmək niyyətində olduğunu deyib
Tokio, 13 avqust, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe Rusiya Prezidenti Vladimir Putinlə doğma Yamaquçi prefekturasında görüşmək niyyətində olduğunu deyib.
Kyodo agentliyinin yaydığı məlumata görə, bu barədə Yaponiya hökumətinin başçısı Yamaquçi seçki komissiyasının rəhbərliyi ilə görüşündə bildirib.
Baş nazirin sözlərini sitat gətirən agentlik yazır: “Mən Prezident Vladimir Putini mütləq buraya dəvət etmək istəyirəm”.
Yaponiya və Rusiya liderlərinin son görüşü mayın əvvəllərində Soçidə baş tutub. Bu görüşdən bir qədər sonra Rusiya Prezidentinin köməkçisi Y.Uşakov bildirib ki, dövlət başçısı ilin sonunadək Yaponiyaya səfər edə bilər.
Soçidə keçirilən görüşdən sonra Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib ki, Baş nazir Şinzo Abe sentyabrın 2-3-də Vladivostokda təşkil olunacaq İkinci Şərqi İqtisadi Forumda iştirak edəcək. O, həmçinin qeyd edib ki, forum çərçivəsində iki ölkənin liderləri arasında yüksək səviyyəli danışıqlar aparılacaq.
Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin də cari ilin iyununda Yaponiyaya səfəri zamanı Şərqi İqtisadi Forum çərçivəsində V.Putin ilə Ş.Abenin görüşünün mümkünlüyünü inkar etməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio