DÜNYA
Yaponiyanın Baş naziri Rusiya ilə mübahisəli torpaqlar məsələsini müzakirə etmək niyyətindədir
Tokio, 7 fevral, AZƏRTAC
Hər il keçirilən “Şimal torpaqlarının qaytarılması üzrə milli qurultay”da çıxış edən Yaponiyanın Baş naziri Şinzo Abe bildirib ki, Rusiya ilə ərazi mübahisəsini tezliklə həll etmək və sülh müqaviləsi imzalamaq niyyətindədir. Yaponiyada Cənubi Kuril adalarına daxil olan dörd adanı şimal torpaqları adlandırırlar.
Baş nazirin sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Artıq müharibədən 70 il keçib, lakin bu problem hələ də həll edilməyib və bunu fövqəladə hal adlandırmamaq olmaz”.
Bununla yanaşı, Ş.Abe qurultay iştirakçılarını əmin edib ki, şimal torpaqları probleminin həlli üçün “danışıqları inadla davam etdirəcək”.
“Şimal torpaqlarının qaytarılması üzrə milli qurultay” Yaponiyada hər il fevralın 7-də Baş nazir, xarici işlər naziri və digər siyasətçilərin iştirakı ilə keçirilir.
Eyni zamanda, həmin gün Yaponiyada Şimal Torpaqları Günü qeyd edilir. 1855-ci il fevralın 7-də Simod traktatı imzalanıb və bu sənədə əsasən, Kunaşir, Şikotan, İturup və Habomai adaları Yaponiyaya keçib. Yaponiya bu ərazilərə 1855-ci ildə imzalanmış ikitərəfli Ticarət və Sərhədlər Traktatına əsasən iddia edir. Tokio adaların qaytarılmasını Rusiya qarşısında II Dünya müharibəsi başa çatdıqdan sonra iki ölkə arasında hələ də imzalanmayan sülh müqaviləsi üçün əsas şərt kimi irəli sürür.
1956-cı ildə SSRİ ilə Yaponiya arasında imzalanmış birgə bəyanata əsasən, Moskva sülh müqaviləsi imzalanacağı təqdirdə iki adanın Yaponiyaya qaytarılmasının mümkünlüyünə razılıq verib. Bununla SSRİ məsələni birdəfəlik həll etmək istəyirdisə, Yaponiya bunu problemin həllində yalnız ilkin addım kimi qiymətləndirirdi. Sonrakı danışıqlar heç bir nəticə vermədi. Məsələyə Moskvanın mövqeyi belədir ki, adalar II Dünya müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib və Rusiyanın onlar üzərində suverenliyi heç bir şübhə doğurmur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio