DÜNYA
Yaponiyanın Baş naziri Trans-Sakit okean Tərəfdaşlığı üzrə danışıqlarda əldə edilmiş razılaşmanı yüksək qiymətləndirib
Tokio, 6 oktyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe oktyabrın 6-da keçirdiyi mətbuat konfransında bir gün əvvəl Atlantada Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə danışıqlarda əldə edilmiş razılaşmanın əhəmiyyətini yüksək qiymətləndirib.
Baş nazir qeyd edib ki, TPP-nin formalaşması bütün Şərqi Asiyanı əhatə edəcək azad ticarət zonasının formaşalmasına təkan verərək Asiya-Sakit okean regionunda iqtisadi inteqrasiyaya böyük təsir göstərəcək. Ş.Abe deyib: “Bu həm də Avropa İttifaqı ilə azad ticarət danışıqlarının fəallaşmasına kömək edəcək”.
Qeyd edək ki, TPP sisteminə ABŞ, Kanada Avstraliya, Yeni Zelandiya, Vyetnam, Malayziya, Sinqapur, Çili də daxil olmaqla regionun 12 ölkəsi üzvdür. Müxtəlif hesablamalara görə, dünyanın ticarət dövriyyəsinin təqribən 40 faizi bu ölkələrin payına düşür. TPP-nin yaradılması barədə razılaşma bu birliyə daxil olan ölkələr arasında məhsulların tariflərinin tamamilə ləğvini və ya əhəmiyyətli dərəcədə aşağı salınmasını nəzərdə tutur. Bu isə öz növbəsində regionda kapitalın və texnologiyaların hərəkətini asanlaşdırır.
Mətbuat konfransında Yaponiyanın Baş naziri Çinin də yeni regional iqtisadi birliyə qoşulmasının mümkünlüyünə toxunub. Baş nazir deyib: “Əgər Çin gələcəkdə TPP-yə qoşularsa, bunun çox böyük strateji əhəmiyyəti olacaq və regionda təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək” .
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio