DÜNYA
Yaponiyanın Baş naziri ölkə vətəndaşlarına əmək şəraitinin yaxşılaşdırılacağını vəd edib
Tokio, 16 aprel, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe ölkədə əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görüləcəyini növbəti dəfə vəd edib.
Bu barədə Baş nazir Tokionun Şinjuku rayonundakı Qyoen parkında sakuranın çiçəkləməsi bayramında çıxış edərkən deyib. Tədbirdə təxminən 20 min Tokio sakini və paytaxtın əcnəbi qonaqları iştirak ediblər.
Ş.Abe rəhbərlik etdiyi Liberal Demokratik Partiyasını və onun koalisiya tərəfdaşı Komey Partiyasını çətin hava şəraitinə baxmayaraq, çiçəklənməyə davam edən sakura ilə müqayisə edib.
Baş nazir bildirib ki, son dörd ildə Yaponiyada əməkhaqqı orta hesabla ildə 2 faiz artıb. Bu, 2000-ci ildən bəri ən yüksək göstəricidir.
Ş.Abe, həmçinin qeyd edib ki, şirkətlər hökumətin çağırışına cavab verərək, əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görürlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio